UEFA Çempionlar Liqasının rekordçusu “Real Madrid” qrup yarışını maksimum nəticəylə tamamlayıb. Halbuki Berlində “Union”un qonağı olan “Kral klubu” ilk hissədə uğursuzluğa düçar olub. Luka Modriç penaltidən yararlana bilməyib. Çox keçmədən Kevin Folland Almaniya klubuna üstünlük qazandırıb. 2-ci yarıda daha məhsuldar mübarizə qeydə alınıb. “Real” Xoselunun dublu sayəsində hesabı xeyrinə dəyişib. Vaxtın bitməsinə 5 dəqiqə qalmış Aleks Kral tarazlığı bərpa etsə də, az sonra Dani Sebalyos Madrid klubunu yenidən önə çıxararaq son nöqtəni qoyub: “Union” Berlin – “Real Madrid” 2:3.

C qrupunun digər matçında “Napoli” öz meydanında “Braqa”nı 2 cavabsız qolla məğlub edib. 9-cu dəqiqədə qonaqlardan Serdar Saatçı avtoqol müəllifi olub. Afrikanın ən yaxşı futbolçusu seçilən Viktor Osimhen 33-cü dəqiqədə Neapol klubunun üstünlüyünü möhkəmlədib. Qalan vaxtda başqa qol olmayıb. Beləliklə qrup mərhələsini maksimum nəticəylə tamamlayan “Real” Madrid lider olub. “Napoli” 10 xalla 2-ci yeri tutaraq “Kral klubu”yla birgə C qrupundan pley-ofa yüksəlib. “Braqa” 4 xalla 3-cü olaraq UEFA Avropa Liqasında düşüb. “Union” Berlin 2 xalla C qrupunun autsayderi olub.

D qrupunda liderlik baxımından əhəmiyyət kəsb edən “İnter” – “Real Sosyedad” oyununda qalib müəyyənləşməyib - 0:0.

“Benfika” isə səfərdə “Zaltsburq”a 3:1 hesabilə qalib gələrək qrupda ilk qələbəni qazanıb. Bununla Lissabon klubu xallarının sayını 4-ə çatdıraraq UEFA Avropa Liqasında mübarizə aparmaq hüququ qazanıb. Eyni miqdarda xal toplayan “Zaltsburq” yalnız şəxsi göstəricilərdə geri qalaraq avrokuboklarla vidalaşıb. “Real Sosyedad” və “İnter” 12 xalla ilk 2 yerdə qərarlaşaraq 1/8 finala yüksəlib. İspaniya klubu rəqibindən top fərqinə görə üstün olaraq qrupu lider kimi tamamlayıb.